Ceyhun Abdulla: “Biz öz fotomuzla dünyada hələ ki heç bir rezonans yarada bilməmişik”

1905.az saytının bu dəfəki müsahibi AZƏRFOTO İnformasiya Agentliyinin rəhbəri Ceyhun Abdulladır.

- Ceyhun müəllim, bu günə kimi biz Qarabağ problemi məsələsində Azərbaycanın qələbə qazanması, yəni ədalətin zəfər çalması istiqamətində fotonun imkanlarını düzgün dəyərləndirə və fotonun dəyərindən lazımınca istifadə edə bilmişikmi?

- İlk öncə demək istərdim ki, 1990-cı ildə Bakıya gəlmişəm. 20 Yanvar hadisələrindən cəmi bir neçə gün keçmişdi Bakıya gələndə. Məktəbi də elə Bakıda bitirmişəm. O illərdən bu günə kimi olan arxivlərə və ya mediaya diqqət yetirsək, yetərincə foto arxivlərimizin olduğunu görə bilərik.

Bilirsinizmi, dünyada elə hadisələr baş verir ki, bəzən onu çatdıran əsas vasitə foto olur. Yəni fotonun gücü böyükdür. Bəzən bir fotodan bütün dünya danışa bilir. Dünyaca məşhur elə kadrlar olub ki, bu günə kimi onlar qorunub-saxlanılır, o fotoya aid məqalələr yazılır, süjetlər hazırlanır, filmlər çəkilir və o fotoların önəmindən danışılır. Təəssüf ki, Azərbaycan fotoqrafiyasında 20 yanvar, Qarabağ, Xocalı hadisələri kimi problemi tam əks etdirən fotolar olmasına baxmayaraq hələ də bu mövzuda dünyanı danışdıra bilməmişik, daha deqiq desək biz öz fotomuzla dünyada hələ ki heç bir rezonans yarada bilməmişik. Bunun da məlum səbəbləri var. Yeni müstəqillik qazanan ölkə, bizə qarşı ikili standartlar, müharibənin psixoloji travmaları və s.

Azərbaycanda fotoqrafiyaya maraq son illərdə yaranmağa başlayıb. Buna çox sevinirəm. Çünki bu inkişafı görmək üçün illərini verənlər var, ancaq nəticəsini indi-indi görməyə başlayırıq. Sualınızın cavabına gəldikdə isə deyə bilərəm ki, təəssüf ki, biz zəngin arxivimiz, müharibə dövrünə aid fotolarımızla hələ ki, istədiyimizi edə bilməmişik. Düzdür, gecikmiş kimi görünsək də, hələ də nələrsə edə bilərik.

- Ceyhun müəllim, son zamanlar müasir fotoaparatları əldə etmək (qiymət baxımından) əvvəlki illərlə müqayisədə o qədər də əlçatmaz deyil. Və son zamanlar fotoya həvəs göstərənlərin də sayı durmadan artır. Qısa müddətdə “fotoqraflar”ın, foto masssivinin artımı onların içindən ən yaxşıları seçməyi də çətinləşdirib. Yəni foto çəkmək əvvəlki illərlə müqayisədə nə qədər asanlaşıbsa, yaxşı fotoların da sayı azalıb. Necə düşünürsünüz?

- Razıyam. Ümumiyyətlə son zamanlar bütün dünyada fotobum yaşanır. Bütün dünyada hər şey “fotolaşıb”. Görüntünün önəmi hədsiz artıb. Əslində bu, normaldır. Burada sosial mediyanın önəmini də unutmamamlıyıq. Hər hansı hadisə haqqında ilk informasiya əksər hallarda görüntüdən, daha sonra yazıdan alınır. Bilirsiniz, siz dediyiniz kimi, bir zamanlar foto çəkmək, fotooparat əldə etmək o qədər əlçatmaz idi ki, foto ilə məşğul olan adama qeyri-adi maraqla baxırdılar. Bir insanın foto çəkməsi, arxiv yaratması, foto çap etməsi özü bir incəsənət sayılırdı. Ancaq indi bütün bunlar çox əlçatan olub. Demək olar ki, bir cib telefonu ilə belə fotoreportaj edəbilir, onu telefonda redaktə edib internet saytımıza əlavə edə bilirəm. Fotoya marağı olan istənilən şəxs bu işlə məşğul ola bilər. Əslində bu çox gözəldir. Lakin bunun üçün də təcrübə və bilik çox önəmlidir.

Mən 22 ilimi bu sənətə vermiş insanam lakin bu gün də nəsə öyrənirəm və deyə bilmirəm ki, çox şey bilirəm. Hər şeyə foto gözü ilə baxıram. Artıq bu davranışım həyat tərzimə çevrilib.

Təəssüf ki, texnikanın verdiyi imkanlardan az müddətdə faydalana bilən gənclər çox bilikli olduğunu iddia edir və bizim kimi insanlardan doğru istəfadə edə bilmirlər. Buna görədir ki, son illər davamlı olaraq təmənnasız fototəlimlər keçirirəm. Məqsədim bu sənətin ciddiliyini və lazımlılığını gənclərimizə çatdırmaqdır.

Bir məsələni də qeyd edim ki, foto sadəcə avadanlığın dilini bilib düyməni sıxmaq deyil. Foto görməkdir, fəlsəfədir, psixologiyadır, sosiologiyadır, bir sözlə, həyatın özüdür.

- Bir müddət öncə bir fotoqraf söhbətlərimizin birində kiçik bir lətifə danışdı. 2 nəfər bir-biri ilə görüşür. Biri digərinə deyir ki, mən cərrah olmaq istəyirəm. Yanındakı isə deyir ki, sən cərrah ola bilməzsən. Axı bunun üçün təhsilin, bu sahədə təcrübən olmalıdır. Səndə isə bu yoxdur. O isə cavabında “mən skalpel” almışam deyir. Həmin məntiqlə bir fotoparat alan şəxs də asanlıqla “fotoqraf” ola bilər.

Bəli. Çox yaxşı misaldır. Bir misal da var, hər oxuyan Mollla Pənah ola bilməz. Yəni hər əlinə fotoparat alan şəxs fotoqraf ola bilməz. Çox təəəssüf ki, indi Azərbaycan fotoqrafiyasında daha çox toy fotoqrafiyasının inkişafı gözə çarpır. Bizim çox istedadlı gənclərimiz var ki, onlar fotoqrafiya ilə sırf kommersiya məqsədi ilə məşğul olurlar. Adam fikirləşir ki, bu şəxs fotoqrafiyanın kommersiya sahəsindən əlavə bir az da zaman ayırıb özünü yaradıcılığa həsr etsə Azərbaycanın fotoqrafiya sahəsində çox faydalı bir sənətkara çevrilə bilər. Çünki bizim belə fotoqraflara ehtiyacımız var. Amma buna da təəssüflənmirəm. Hər şeyin bir pik həddi və eniş nöqtəsi olur. Düşünürəm ki, toy fotoqrafiyasına olan maraq da bir gün azalacaq. Və bizim istedadlı gənclərimiz fotoqrafiyanın başqa, janrlarına da diqqət etməyə başlayacaqlar.

- Ledi Diana qəzaya uğradığı zaman onu izləyən paparazzilər ölümlə çarpışan Diananı fotolentə almağa başladılar. Bir növ Dianaya, onun müşayiətçisinə yardım etmək əvəzinə, onların qəzaya düşdüyü anı fotolentə almağa üstünlük verdilər. Və bu bir etik məsələni- sən ölümcül insana yardım etməlisən, yoxsa onun hazırki durumunu çəkməlisən? məsələsini ortaya çıxardı.

Azərbaycan fotoqrafiyasında bu sahədə vəziyyət necədir? Bizim hamımızın daxilində idealizə etdiyimiz bir obraz var. Düşünürük ki, can verən adama kömək etmək lazımdır, onun fotosunu çəkib, sarı mətbuata vermək yox. Sizcə, bu kimi mental dəyərlər bizim fotomuzun dünya çapına çıxmasına maneçilik yaratmayıb?


- Bu məsələ çox mübahisəlidir. Bir çox beynəlxalq təlimçilər də dərsləri zamanı bu sualı verirlər. Mən də ciddi hadisələrdə olmuşam, yanımda əzilən də olub, insan cəsədləri içində də gəzmişəm, dəfələrlə təhlükələrlə üzləşmişəm. Bu anda əgər içimizdəki vicdan daha çox baş qaldırırsa və ya ulduz olub məşhurlaşmaq həvəsi daha çox irəli cıxırsa biz ona görə hərəkət edirik. Mənim üçün insan hər şeydən üstündür. Sənətimdən, işimdən və hər şeydən. Əgər imkanım çatacaqsa bir insanı xilas etməyi məşhur olmaqdan üstün tutaram. Bu sözün əsl mənasında belədir. Vacib deyil ki, insanın ən acılı anını məhz çəkəsən və yardımdan uzaq durasan. Əgər sən doğrudan da bu sənəti bilirsənsə bir insanın cəsədini çəkmədən də ətrafdakı görüntülərlə hadisənin böyüklüyünü və problemin ciddiliyini göstərə bilərsən. Bunu təsdiq edən çox sayda dünyaca məşhur fotolar da var. Seçim hər kəsin öz əlindədir.

Bizim fotoqrafiyaya gəldikdə isə daha çox başqa problemlərlə üzləşirik. Ən birinci çatışmamazlıq fotoqrafiya aləmində hələ də sənət dostlarının və bu sənəti sevənlərin birliyinin olmamasıdır. Vacid deyil ki, bunun üçün rəsmi bir qurum olsun. Önəmli olan sənətsevərlərin ortaq bir dilinin, görüşlərinin, aurasının olmasıdır. Doğrusu hələ ki, Azərbaycan fotoqrafiya dünyasında bugünə qədər bir qlobal baxış, bir ciddi birlik görməmişəm. Biz sənət adamıyıqsa bizim fikir mübadiləsinə ehtiyacımız hər zaman var. Bəlkə də irəlidə bu dediklərim ta əksinə müsbətə doğru dəyişəcək. Problemimizdən biri də fotoqrafiyamızdakı janr xaosudur. Demək olar ki, bizdə hər çəkəbilən hər yerdə çəkə bildiyini və hər şeyi bildiyini sayır. Amma doğrusu sahələr üzrə inkişaf etmək zamanıdır. Həvəskar fotoqraflar, toy fotoqrafları, idman fotoqrafları və s. İnsan çox istəyir ki, sahələr üzrə mütəxəssislər tapsın və peşəkar iş gördürsün. Lakin kommersiya maraqları insanları sevdiyi sahədə deyil, daha çox haradan pul gəlirsə orada olmağa vadar edir. Bunun da məlum səbəbləri göz önündədir və qarşıdaki illər bu dediyim sahələr üzrə inkişaf qaçınılmaz olacaq.

Mən fotoya ilk həvəskarlıqdan daha sonra fotojurnalistikadan gəlmişəm. Lakin bu gün həm də industrial, reklam, moda və idaman fotoqrafiyası ilə məşğulam. Bu mənim üçün çox maraqlı sahələrdir. Onu da qeyd edim ki, bu sənətdə olanların yaşı ötdükcə də fotojanrlar üzrə maraqlar da dəyişə bilir.

- Siz uzun müddətdir Türkiyədə yaşayırsınız. Bildiyimiz qədər orada da həm foto, həm də reklam sahəsində çalışırsınız. Türkiyədə həqiqətləri ortaya çıxarmaqda fotonun gücünü necə dəyərləndirirsiniz? Bayaq siz dediyiniz o birliyin olmaması və s bu kimi problemlər Türkiyədə də varmı? Və ya olubsa o necə həllini tapıb?

- Əslində bu problem orada da olub. Türkiyə bu mərhələni artıq keçib. Orada çox nüfuzlu və peşəkar agentliklər fəaliyyət göstərir. Foto informasiya müharibəsində çox önəmli silahlardan sayılır. Onlar bunu çox peşəkarcasına istifadə edirlər. Bizim də bu metodlardan doğru istifadə etmək zamanımız yetişib. Biz də problemlərimizi peşəkar fotonun dili ilə dünyaya çatdıra bilərik.

Bilirsiniz, fotoqrafiya ilə məşğul olmaq heç bir kəsə mane olmur. Əksinə kömək edə bilir. 2005-ci ildə mən Azərbaycanda ilk dəfə AZƏRFOTO agentliyini qurdum. Bu mənim üçün çox böyük hadisə idi. Düşünürdüm ki, mən ölkə üçün nə isə etməyə çalışıram. İstədiyim bir inkişafa nail olmaq idi. Az da olsa buna nail olduğumu düşünürəm. Biz 2007-ci ildə həvəskar fotoqraflar üçün müsabiqələr edirdik. O zaman Azərbaycan Fotoqraf Birliyi də bizə bu sahədə xeyli dəstək verdi. İndi isə mütəmadi olaraq fototəlimlərlə yolumuza davam edirik. Qarşıdaki illərdə çox maraqlı layihələrlə də fotosevərləri sevindirəcəyik. Bir gün bizi anlayanların olacağını, nə etmək istədiyimizi bilənlərin də çox keçmədən bizləri tapacağına ümüd edirik.

Türkiyədə fotoqrafiya artıq müxtəlif sahələr üzrə inkişaf edir. Fotoməktəblər, dərnəklər və təlim müəssisələri də orada yetərincədir.

Bəlkə biz də “bir olsun, hər şey məndə olsun” fikrindən qaça bilsək hər şey dəyişəcək. Bu ideologiya Sovet dönəmindən qalma bir fikirdir və çox köhnəlmiş, faydasız və yalnış bir metoddur.

Bir şeyi də vurğulamaq istərdim. Foto maraqlı olduğu qədər də incidici, problem yaradıcı, problem həlledici bir vasitədir. Bu yerdə isə foto sənətini öyrənənlərin bilikli insanlarla bir arada olması qaçınılmazdır. Ölkəmizdə yetərincə bu sahənin mütəxəssisləri var. Çalışmaq lazımdır ki, onlardan faydalı şəkildə istifadə olunsun. Təəssüf ki, indinin gənclərində bu sahədə tənbəllik müşahidə olunur. Düşünürəm ki, bu da keçicodır. Bir gün hər kəs öz sahəsində peşəkar olmasının vacibliyini anlayanda münasibətlər də dəyişəcək. Bu gün iş adamları sferasında ən çox eşitdiyim şikayət mütəxəssis qıtlığıdır. İş çoxdur, lakin iş görmək istəyən və zəhmətə qatlanmaq istəyən isə azdır.

Maraqlı söhbətimizin sonunda çox istərdim ki, biz fotoqraflar bu sənətin gücündən doğru fayfdalanaraq Ermənistanın Azərbaycana təcavüzü, azərbaycanlıların soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə lazımi qaydada çatdırmaq istiqamətində işlərimizi sürətləndirək. Sərgilər, sosial media, müsabiqələr, təlimlər, mobil reportyorluq bu sahədə çox faydalı vasitələrdir ki, biz də Azərfoto Agentliyi olaraq son illər mobil reportyorluq sahəsində maraqlı layihələr üzərində işləyirik və çox keçmədən ölkəmiz üçün faydalı layihələr edəcəyik.

Fuad Babayev

1905.az

P.S. Ceyhun Abdullanın gündəlik fotoreportajlarını bu linkdən izləyə bilərsiniz.


www.ceyhunabdulla.com