Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

Vaşinqtonda Azərbaycanın regional, Avropa və Transatlantik tərəfdaşları ilə münasibətləri müzakirə olunmuşdur
18 dekabr 2012 | Çap üçün versiya | Dosta yolla |
Ceymstaun Analitik Fondunun təşkilatçılığı ilə 17 dekabrda Vaşinqtonda keçirilmiş konfransda Azərbaycanın ötən illər ərzində enerji sahəsində əməkdaşlıq başda olmaqla müxtəlif istiqamətlərdə özünü etibarlı bir tərəfdaş kimi sübut etdiyi bildirilmiş və regionda üzləşdiyi problemlərə baxmayaraq, ölkədə sabitlik və iqtisadi inkişaf yolunda əldə etdiyi nailiyyətlər qeyd olunmuşdur.

Eləcə də Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan və o cümlədən Cənubi Qafqaz regionu üçün daşımaqda olduğu təhdid və risklərdən bəhs olunmuş və bu münaqişənin tezliklə nizamlanmasında irəliləyişin təmin edilməsi üçün ABŞ-ın sülh prosesində daha fəal iştirakına ehtiyac duyulduğu ifadə olunmuşdur.

“Azərbaycan və onun regional, Avropa və Transatlantik tərəfdaşları” başlığı altında keçirilmiş müzakirələrdə Azərbaycanı təmsil etmiş, Vaşinqtondakı Səfirliyimizin müşaviri Nərgiz Qurbanova ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlıq barədə tədbir iştirakçılarını məlumatlandırmış və iki ölkə arasında konkret olaraq təhlükəsizlik, iqtisadiyyat və demokratikləşdirmə sahələrində qarşılıqlı maraqlara söykənən əməkdaşlıqdan bəhs etmişdir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rola həsr edilmiş birinci paneldə həmçinin Ceymstaun Fondunun tədqiqatçısı Vladimir Sokor, ABŞ Dövlət Departamentinin Enerji ehtiyatları üzrə məsul əməkdaşı Daniel Ştayn və Böyük Britaniyanın “BP” şirkətinin Vaşinqtondakı təmsilçisi Qreq Sonders çıxış etmişlər.

Bu bölümdə Gürcüstan və Türkiyə vasitəsilə dünya bazarlarına açılan enerji infrastrukturlarının ərsəyə gətirilməsində Azərbaycanın qətiyyətli mövqeyi və həmin layihələrin iqtisadi dəyər ilə yanaşı malik olduğu geosiyasi əhəmiyyəti vurğulanmışdır. Natiqlərin təqdimatlarında “TANAP” qaz kəmərinin gerçəkləşdirilməsi sahəsində qət olunmuş yol və qarşıda dayanan fəaliyyətlər haqqında məlumat verilmiş və Azərbaycan qazının Avropa bazarına çıxarılmasının təqdim etdiyi imkanlar və xüsusilə Avropa qaz təchizatının diversifikasiyasına verəcəyi töhfəyə istinad olunmuşdur. Eyni zamanda “Transxəzər” qaz kəməri layihəsi ilə bağlı Avropa İttifaqının iştirakı ilə aparılan üçtərəfli danışıqlar və onun gələcək perspektivlərindən söz açılmışdır.

Con Hopkins Universiteti nəzdində Mərkəzi Asiya və Xəzər İnstitutunun rəhbəri Frederik Starın moderatorluq etdiyi ikinci paneldə ABŞ Dövlət katibi yardımçısının müavini olmuş David Merkel Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini bəyan etmiş və xarici siyasət sahəsində ABŞ-ı məşğul edən beynəlxalq hadisə və proseslərin çoxluğuna baxmayaraq, cari administrasiyanı Ermənistan və Azərbaycan arasında sülhün bərqərar edilməsini diqqət mərkəzində saxlamağa çağırmışdır.

Tədqiqatçılar üçün Vudro Vilson Beynəlxalq Mərkəzindən Aleksandros Petersen Azərbaycan və Türkiyə arasında mövcud strateji tərəfdaşlığa dair fikirlərini iştirakçılarla bölüşmüşdür.
Nəhayət, bu tədbirə əsas natiq qismində dəvət olunmuş ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza ABŞ-ın Cənubi Qafqaz siyasəti haqqında məruzə ilə çıxış etmişdir. Məruzəsində ölkəmizə ayrıca yer vermiş M.Brayza Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirmiş və xüsusilə iqtisadi tərəqqi sayəsində Azərbaycan cəmiyyətinin yaşadığı transformasiya barədə danışmışdır. Natiq həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranmış vəziyyəti dəyərləndirmiş və ABŞ-ın regiondakı problemlərin həllinə müfəssəl bir yanaşma nümayiş etdirməli olduğunu göstərmişdir.
Tədbirə ABŞ Dövlət Departamenti və Konqres rəsmiləri, Vaşinqtondakı diplomatik korpusun nümayəndələri, mətbuat və araşdırma mərkəzlərinin təmsilçiləri qatılmışlar.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS