Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

İstanbulda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) 20 illik yubiley sammiti keçirildi
26 iyun 2012 | Çap üçün versiya | Dosta yolla |
İstanbulda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) 20 illik yubiley sammiti keçirilmişdir.

Prezident İlham Əliyev sammitdə iştirak etmişdir.

Türkiyə Prezidenti Abdullah Gül Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.

Zirvə görüşünün iştirakçıları birgə foto çəkdirdilər.

Sammiti açan Türkiyə Prezidenti Abdullah Gül iştirakçıları salamladı. O bildirdi ki, bu toplantıya ev sahibliyi etmək Türkiyə üçün böyük şərəfdir. Təşkilatın yaranma tarixindən danışan Türkiyə Prezidenti diqqətə çatdırdı ki, 20 illik fəaliyyəti dövründə bu qurum üzv ölkələr arasında siyasi və iqtisadi münasibətlərin daha da yaxınlaşmasına yeni imkanlar açmışdır. Abdullah Gül qurumun beynəlxalq iqtisadiyyatda önəmli rolunu qeyd etdi. Bildirdi ki, təşkilat bölgədə iqtisadi əlaqələrin, o cümlədən üzv ölkələr arasında işbirliyinin genişlənməsinə, özəl sektorun, ticarətin, mədəniyyətin, turizmin inkişafına təkan verir. Bütün bunlar isə üzv ölkələrin iradəsi sayəsində mümkün olmuşdur. Avrasiyanın mərkəzində yerləşən və Qara dəniz ölkələrini birləşdirən bu təşkilat tarixi İpək yolunun bərpasında və enerji resurslarının daşınmasında da mühüm rola malikdir.

Türkiyə Prezidenti bildirdi ki, bu gün təşkilatın qarşısında duran əsas məqsəd gələcək 10 il üçün iqtisadi əməkdaşlığın yeni hədəflərini müəyyən etməkdir. Abdullah Gül sammitin işinə uğurlar arzuladı.

Təşkilata sədrlik edən Serbiyanın Prezidenti Tomislav Nikoliç yubiley sammitinin dünyada iqtisadi böhranın hökm sürdüyü bir dövrdə keçirilməsinin önəmindən danışdı. O bildirdi ki, Serbiyanın quruma sədrlik etdiyi dövrdə təşkilata üzv dövlətlər arasında iqtisadi inkişaf istiqamətində mühüm addımlar atılmışdır. Təşkilatın əsas məqsədi beynəlxalq qurumlarla əlaqələri yüksək səviyyədə qurmaqdır.

Serbiyanın dövlət başçısı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nüfuzlu beynəlxalq qurumlar, o cümlədən Avropa İttifaqı və Avropa Komissiyası ilə sıx əlaqələrinin əhəmiyyətinə də toxundu. O, QİƏT-ə sədrliyin Türkiyəyə keçməsindən məmnun olduğunu dedi.

İyulun 1-dən quruma Türkiyə sədrlik edəcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyev zirvə görüşündə çıxış etdi.

Dövlətimizin başçısı təşkilatın yaranma tarixinin Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşdüyünü dedi. “Bu illər ərzində ölkəmiz böyük yol keçib. İqtisadi sahədə Azərbaycanda köklü islahatlar aparılıb və son illər ərzində ölkəmiz qarşısında duran əsas iqtisadi və infrastruktur layihələri müvəffəqiyyətlə icra edib”, - deyən Azərbaycan Prezidenti onu da diqqətə çatdırdı ki, dünyanın aparıcı reytinq agentlikləri də ölkəmizin bu nailiyyətlərini təsdiqləyir.

Prezident İlham Əliyev qeyd etdi ki, neft və qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanı həm enerji resurslarının ixracatçısına, həm də tranzit ölkəyə çevirib. Digər bir nəhəng layihənin - Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə qədim İpək yolunun bərpasına da nail olunacaqdır. Bunlar konkret layihələrdir.

Prezident İlham Əliyev bu layihələrin təşkilata üzv ölkələrin daha da sıx birləşməsinə və həm də həmin dövlətlərin iqtisadi gücünün artmasına yeni imkanlar açacağını əsaslandırdı.

Dövlətimizin başçısı bölgədə əməkdaşlığın genişlənməsinə və iqtisadi sahədə əlaqələrin daha da dərinləşməsinə əngəl olan əsas amil kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxundu və bildirdi ki, münaqişənin həll olunmaması təkcə iqtisadi əməkdaşlığa deyil, bütövlükdə bölgədə sülh və təhlükəsizliyə təhdiddir. Azərbaycan Prezidenti qonaqpərvərliyə və zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə Türkiyə Prezidenti Abdullah Gülə minnətdarlığını bildirdi.

Sammitdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan digər ölkələrin dövlət və hökumət başçıları da çıxış etdilər.

Xeber: President.az, Foto: Ceyhun Abdulla/AZERFOTO.com / İstanbul

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS