Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

12-14 aprel tarixlərində “AITF 2012” 11-ci Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” sərgisi keçirilmişdir
1 may 2012 | Çap üçün versiya | Dosta yolla |
Bütün Xəzər regionunun turizm və mehmanxana sənayesi üzrə inkişaf tendensiyalarını əyani şəkildə əks etdirən ixtisaslaşdırılmış “AITF” sərgisi yenidən bu sahəni təmsil edən mütəxəssislərin, habelə sıravi istirahət və səyahət həvəskarlarının diqqətini özünə cəlb edən parlaq bir hadisəyə çevrildi.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin üçüncü il ardıcıl olaraq bu sərgini ziyarət etməsi turizm sənayesinin Azərbaycan iqtisadiyyatında oynadığı mühüm və real rolu, habelə sərginin yüksək statusunu bir daha vurğulayır.
Sərgiyə səfəri çərçivəsində dövlət başçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin stendi ilə tanış oldu. Burada respublika prezidentinə “GoMap.az” təkmilləşdirilmiş elektron “onlayn” naviqatorun işi haqqında məlumat verildi. Prezident İlham Əliyev həmçinin sərginin bütün tarixi ərzində ilk dəfə ayrıca stendlə təmsil olunan Ümumdünya Turizm Təşkilatının sərgi guşəsinə də baş çəkdi.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev ilk dəfə qonaq ölkə qismində çıxış edən Bolqarıstanın və ardıcıl olaraq üçüncü il sərgidə tərəfdaş ölkə kimi iştirak edən Türkiyənin stendlərinə də baş çəkdi. Sərginin bir sıra digər iştirakçılarının stendlərində dövlət başçısına şirkət və təşkilatların fəaliyyəti, təklif etdikləri xidmətlər, habelə Azərbaycan şirkətləri ilə turizm sahəsində əməkdaşlıq perspektivləri haqqında məlumat verildi.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri cənab Əbülfəz Qarayev sərginin rəsmi açılışında çıxış edərək qeyd etdi ki, bu sərgi bir çox beynəlxalq təşkilatlar tərəfindən bütün regionun turizm sənayesinin ən nüfuzlu tədbiri kimi qiymətləndirilir. Ümumdünya Turizm Təşkilatının Baş katibi cənab Taleb Rifainin müraciət məktubu isə buna əyani sübut oldu. Belə ki, həmin məktubda cənab Rifai “Turizm və səyahətlər” sərgisinin turizmin inkişafı üçün geniş imkanlar açdığını qeyd edirdi. Ümumdünya Turizm Təşkilatının Baş katibinin müraciətində turizmin ölkə iqtisadiyyatının investisiya baxımından cəlbedici olan istiqamətlərindən biri kimi dinamik inkişafı siyasətini davam etdirən Azərbaycan hökumətinin rolu xüsusi olaraq vurğulanırdı.
Sərginin iş günlərində iki beynəlxalq saziş imzalandı. Bunlardan biri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Ümumdünya Turizm Təşkilatı arasında “ “İpək yolu”nun dadı” adlı birgə layihənin gerçəkləşdirilməsini nəzərdə tutan sazişdir. Sözügedən layihə çərçivəsində bu ilin 6-7 sentyabr tarixlərində Bakıda “Qastronomiya, Mədəniyyət və Turizm” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Turizm sahəsində münasibətlərin inkişafını ehtiva edən ikinci saziş isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və San-Marinonun Turizm, İdman və İqtisadi Planlaşdırma Nazirliyi arasında imzalandı.
Bundan əlavə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası (AZTA) və “Atlantis Holidays” (Dubay) turizm şirkəti arasında Fars körfəzi ölkələrində Azərbaycanın turizm potensialının təbliğatı haqqında əməkdaşlığa dair üçtərəfli saziş layihəsinin bir hissəsi olan “Azərbaycan” jurnalının təqdimat mərasimi keçirildi. Xatırladaq ki, sözügedən saziş ötən ilki “AITF” sərgisində imzalanmışdı.
“AITF-2012” sərgisinin dolğun işgüzar proqramı müxtəlif tədbirlərlə zəngin idi. Açıq təqdimat və seminarlar sözsüz ki, sərginin iştirakçıları və peşəkar ziyarətçiləri arasında qarşılıqlı fəaliyyət və səyahət sənayesinin xəbərləri haqqında faydalı məlumatların əldə edilməsinə imkan yaratdı. Sərginin birinci iş gününün ən maraqlı tədbirlərindən biri isə “Vışeqrad dördlüyü ölkələrində turizm imkanları” mövzusuna həsr olunmuş seminar oldu. Bu seminarda Macarıstan, Polşan, Slovakiya və Çexiyanın milli turizm idarələrinin, həmçinin bu ölkələrin nüfuzlu daxili turizm şirkətləri, mehmanxana şəbəkələri, kurortları və aviaşirkətlərinin nümayəndələri iştirak etdilər. Bundan əlavə, Tailand və Xorvatiyanın da təqdimat mərasimləri keçirildi. Bu təqdimatların əsas məqsədi Azərbaycan turistləri arasında hələ ki bir o qədər də məşhur olmayan bu ölkələrin turizm imkanları haqqında mümkün qədər geniş məlumat vermək idi. Tur-operator “SW Travel” (Azərbaycan) şirkətinin yeni məhsulu - turların “onlayn” bron sisteminin təqdimatı isə peşəkarlar tərəfindən xüsusi maraqla qarşılandı.
11-ci Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” sərgisi (“AITF-2012”) çərçivəsində Azərbaycan Futbol Assosiasiyaları Federasiyası (AFFA) bu ilin payız aylarında Bakıda 17 yaşa qədər gənc qızlar arasında keçiriləcək futbol üzrə Qadınların dünya çempionatının rəsmi talismanına ad verilməsinə həsr olunmuş mərasim keçirdi. Həmçinin, “AITF” sərgisinin İnternet tərəfdaşı olan infotour.az portalı tərəfindən təşkil edilmiş və Azərbaycanda turizmə həsr olunan ilk internet-viktorinanın qaliblərinə mükafatlar təqdim olundu.
Bütövlükdə 11-ci turizm sərgisi “Bakı Ekspo” mərkəzinin pavilyonlarına dünyanın 32 ölkəsindən turizmin ümumilikdə 62 istiqamətini təqdim edən 201 şirkəti bir araya gətirdi və bu, sərginin mütləq rekorduna çevrildi. Ümumilikdə isə bu il sərgi Azərbaycan, Bolqarıstan, Gürcüstan, Dağıstan Respublikası, Hindistan, Kipr, Krım, Litva, Malayziya, Sloveniya, Türkiyə, Çexiya, Dubay Əmirliyi, Stavropol diyarı, Xorvatiya, Tailand, Mavriki və Seyşel adalarından 15 milli və regional ekspozisiyanı qəbul etdi. Qətər, Polşa, Vyetnam, Slovakiya və Xorvatiya isə bu ilki sərginin debütantları oldular. Türkiyə ardıcıl olaraq üçüncü il sərginin tərəfdaş ölkəsi, Bolqarıstan isə ilk dəfə “AITF” sərgisində qonaq-ölkə kimi iştirak etdilər.
Sərgidə iştirak edən turizm təşkilatları, tur-operatorlar və turizm agentliklərinin, habelə mehmanxanalar, hava daşıyıcıları, kurortlar və sanatoriyaların xüsusi turizm təklifləri bütün ziyarətçilərin istək və tələblərini təmin edirdi.
Müalicə turizminin maraqlı və geniş ekspozisiyası bu ilki sərginin fərqli xüsusiyyətlərindən biri oldu. Bolqarıstan, Sloveniya və Çexiya öz məşhur müalicə kurortları və termal sularını təqdim etdilər. Stavropol diyarının stendində isə Yessentuki, Jeleznovodsk, Kislovodsk, Mineral Sular və Pyatiqorsk kurort-şəhərlərin təklifləri ilə tanış olmaq mümkün idi. Ukrayna sərgidə mineral sularının müxtəlifliyi ilə özünə ad qazanmış ən böyük balneoloji kurortlardan birini – Truskavetsi və məşhur Krım sanatoriyalarını təqdim etdi. Sloveniyanın “The Land of Celje” Regional idarəsi və Litvanın SPA Assosiasiyası öz SPA kurortlarında unudulmaz istirahət vəd edirdilər.
“AITF” sərgisi ilə paralel olaraq, İtaliya, Almaniya, Belçika, Rusiya, Türkiyə və Fransadan olan aparıcı şirkətlər tərəfindən mehmanxanalar, restoranlar və otellər üçün peşəkar mətbəx / camaşırxana avadanlıqları, məişət kimyası, parça və eksklüziv qab-qacaq, mehmanxanalar üçün “onlayn” bron və “onlayn" ödəniş kimi informasiya texnologiyaları və s. məhsulları təqdim edən 6-cı Beynəlxalq “Mehmanxanalar, restoranlar və supermarketlər üçün avadanlıq və ləvazimatlar” sərgisi (“HOREX Azərbaycan”) keçirildi. Bu sərgidə qonaqpərvərlik sənayesinin “La Cimbali”, “Santos”, “Robot Coupe”, “Rational”, “Winterhalter”, “Karma-Global”, “Rotondi”, “Scotsman”, “Modular”, “Bonnet”, “Sagi SPA”, “Rovabo”, “Danube International”, “Muehldorfer” və “Ingrid Lesage Creations” kimi məşhur brendləri və digər şirkətlər təqdim olunurdu.
Ənənəvi olaraq, əsası qoyulduğu gündən bəri bu sərgi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir. Sərgiyə həmçinin Ümumdünya Turizm Təşkilatı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən dəstək verilir. Sərginin təşkilatçıları Böyük Britaniyanın “ITE Group plc” şirkəti və onun Qafqazdakı tərəfdaşı “Iteca Caspian” MMC şirkətidir.
2012-ci ildə keçirilən beynəlxalq sərgi və konfransların tərəfdaşları qismində “AZAL” şirkəti - rəsmi hava daşıyıcısı, “Hilton Baku” və “Qafqaz Point” otelləri - rəsmi mehmanxanalar, “Greenwich Travel Club” şirkəti - rəsmi tur-operator qismində çıxış edirlər. “AITF” sərgisinin sponsoru isə “SW Travel” (Azərbaycan) şirkətidir.

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS