Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

Yolun açıq olsun, “Damla”!
28 noyabr 2011 | Çap üçün versiya | Dosta yolla |
Noyabrın 27-si dörd ildən artıq xeyriyyə qurumu kimi fəaliyyət göstərən və bu müddət ərzində təşkil etdiyi xeyriyyə layihələri ilə ictimaiyyətin rəğbətini qazanan “Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyinin yeni ofisinin açılışı və birliyin təqdimat mərasımı keçirildi. Bu tədbir həm də “Damla” İctimai Birliyinin 4 illik fəaliyyətinin hesabatı xarakterini də daşıyırdı.

Azərbaycan Dövlət Himni ilə başlanan tədbirdə “Damla”nın iş prinsipi və fəaliyyət məqsədlərindən danışıldı. Daha sonra İctimai Birliyin fəaliyyətini əks etdirən video-çarx qonaqların diqqətinə təqdim olundu. Ardınca söz İctimai Birliyin sədri Nigar xanım Abdullayevaya verildi. Xalqımızın sahib olduğu milli-mənəvi dəyərlər, tariximizdə iz qoymuş xeyriyyəçilər, onların başladıqları və irs olaraq qoyduqları xeyriyyəçilik məktəbindən söz açan Nigar xanım “Damla” İctimai Birliyinin bu işin davamçısı olmaq və bu mədəniyyəti təbliğ etmək arzusunda olduqlarından, müxtəlif hökümət və qeyri-hökümət təşkilatlarının, xeyirsevər iş adamlarının və ictimaiyyət nümayəndələrinin dəstəyi ilə nail olduqları uğurlardan söz açdı.

Tədbirin qonağı olan Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Ombudsman aparatının sektor müdiri Yeganə xanım Cəfərova çıxış edərək, bu İctimai Birliyin fəaliyyəti ilə çoxdan tanış olduqlarını və insan hüquqları ilə bağlı məsələlərdə hər cür dəstək və yardıma hazır olduqlarını bildirdi. Yeganə xanım belə xeyriyyə qurumlarının fəaliyyətinin dövlətçiliyimizə böyük dəstək olduğunu vurğuladı.

Türkiyə Cümhuriyyəti Səfirliyinin Din Hizmətləri üzrə müşaviri Sadiq Ərarslan cənabları çox maraqlı çıxışında Azərbaycanda getdikcə artan xeyir işlərdən, xeyriyyəçi qurumlardan danışdı. “Damla” İctimai Birliyinə uğurlar və daha qətiyyətli addımlarla irəliləmək arzulayan müşavir, tədbirin onda çox müsbət təəssüratlar oyatdığını qeyd etdi.

Daha sonra “Damla” İctimai Birliyi tərəfindən övladlarının müalicə və ya əməlliyatına yardım olunmuş analar söz aldı və İctimai Birliyə minnətdarlıqla dolu ürək sözlərini dilə gətirdilər.
Açılış mərasiminin simvolu olan qırmızı lent kəsildikdən sonra qonaqlar İctimai Birliyin iş otaqları ilə tanış oldular. Konfrans otağında qonaqlar üçün çay süfrəsi təşkil olundu.
“Damla” İctimai Birliyi bundan sonra fəaliyyətini daha geniş və planlaşdırılmış şəkildə qurmaq əzmindədir. Biz də öz növbəmizdə bu xeyriyyə qurumuna fəaliyyətində uğurlar arzulayır, yardım əllərinin daha geniş məsafələrə çatmasını, yardıma ehtiyacı olanların əlindən daha möhkəm və inamla tutmasını arzulayırıq. Yolun açıq olsun, “Damla”!

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS