Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

ŞƏKİLİN ÜSTÜ
22 yanvar 2011 | Çap üçün versiya | Dosta yolla |
Son vaxtlar ölkənin informasiya agentliklərinə məxsus fotoşəkillərdə bir şey diqqət çəkir - agentliyin göz deşən loqosu.

“Media forum” saytına danışan “Yeni Müsavat” qəzetinin redaktoru Nazim Sabiroğlu deyir ki, “fotoların üzərinə loqolarla pərdə çəkmək” oxucuda diskomfort yaradır: “Foto informasiyanın əhəmiyyətli tərkib hissəsidir və mən informasiyanı fotolarla işləməyin tərəfdarıyam. Təəssüf ki, Azərbaycanda fotomüxbirlik bir sahə kimi çox da inkişaf etməyib. Yəni hər media quruluşunun yaxşı fotomüxbir saxlamaq imkanı yoxdur. KİV-ləri fotolarla təmin edən agentliklər isə şəkili loqo ilə yararsız hala salırlar. Dünya mətbuatında fotonun üzərinə loqo yazmaq təcrübəsi var, amma heç yerdə Azərbaycanda olduğu kimi şitini çıxarmırlar”.

Doğrudan da bəzən şəkil görünməz olur loqodan. Niyə belədir? “Azərfoto” agentliyinin rəhbəri Ceyhun Abdulla “Media forum” saytının sualını belə cavablayır: “Fotojurnalistika istinad sarıdan çox əziyyət çəkir, ona görə”.

Ceyhun Abdulla deyir ki, Azərbaycanda fotomüxbirlik zəif inkişaf edib: “Ciddi məktəb yoxdur. Sovet foto məktəbi daha güclü idi, son illərdə görülən işlər həmin məktəbdən qalan gücün hesabınadır. On beş ildən çoxdur bu işlə məşğulam, açığı, fotojurnalistikanın durumu məni heç qane etmir. Azərbaycanda fotoinformasiyaya qiymət verilmir. Axı fotojurnalistikanın öz çətin tərəfləri var. Bu sahədə texniki imkanlar önəmlidir, avadanlıqlar isə çox bahadır. Bu fonda yazan müxbirlə müqayisədə fotomüxbir qat-qat az qazanır.

Fotomüxbirlik jurnalistikanın ayrılmaz hissəsidir, ona ciddi önəm verilməlidir. Azərbaycanın bir çox informasiya agentliyi fotomüxbir saxlamaq əvəzinə fotoaparatı yazan jurnalistə verir, informasiya üçün gərəkli fotoları jurnalist çəkir. Bu isə informasiya daşıyıcısı olan fotonun keyfiyyətinin aşağı düşməsinə gətirir.

Digər ciddi problem fotoların informasiya agentliyinin loqosu ilə doldurulmasıdır. Foto informasiya agentliyinin loqosu ilə bəzədilir. Bu zaman, sözsüz ki, şəkilin keyfiyyəti aşağı düşür.

Bunun bir çox səbəbi var. Uzun illərdir ki, Avropa mətbuatı ilə əməkdaşlıq edirəm və hər zaman onlara fotonu üzərinə heç bir yazı əlavə etmədən, yüksək keyfiyyətlə verirəm. Amma Avropa mətbuatı bundan sui-istifadə etmir. Fotolar hər zaman istinadla verilir. Bizim mətbuatda isə vəziyyət xeyli fərqlidir”.

Ceyhun Abdulla hesab edir ki, mətbuatın maddi durumu düzəlmədən istinad probleminin həlli real deyil: “Hardasa beş il “Azərfoto”nun şəkillərində loqonu küncdən, çox kiçik ölçüdə verirdik. Sonradan hər gün xeyli fotomuz müxtəlif informasiya agentliklərinin saytında, tanınmış qəzetlərin səhifələrində istinadsız getdi və zamanla bu hal daha da kütləviləşdi. Sonda fotonu üstüyazılı verməyə məcbur olduq. Müəllif hüquqlarının pozulması buna gətirib çıxardı.

Yaranmış vəziyyətdən çıxış yolu bu sahədə biznesin qurulmasıdır. Çünki qəzetlər informasiya agentliyinə və yaxud müstəqil fotomüxbirə pul verib keyfiyyətli foto almaq istəmir. Fotomüxbirin yaxşı qazancı olmalıdır ki, işini sistemli qursun, təkmilləşdirsin. Ancaq onu da başa düşürəm ki, mətbuat kasıbdır. Haçan müstəqil mətbuatın maddi imkanı düzələcək, diqqət professionallıq məsələsinə köklənəcək və rəqabət yaranacaq, bu kimi problemlər də həllini tapacaq”.

AzərTAc-ın fotomüxbiri İlqar Cəfərov deyir ki, fotonun üzərinə loqoları iri ölçüdə və ya çox sayda yazıb keyfiyyəti aşağı salmaq istinad probleminin həlli deyil: “Fotomüxbirlik professionallıq tələb edən sahədir. Cəmiyyətə ötürülən informasiyanın əsas tərkib hissələrindən biri də fotodur. Fotonun özü ayrıca informasiya daşıyır. Oxucu informasiyanı dolğun, aydın oxumaq istədiyi kimi, fotodan da keyfiyyət tələb edir. Bu baxımdan informasiya agentlikləri foto sarıdan da məsuliyyətli olmalıdır.

Loqo məsələsinə gəlincə, fotoların üzərinə yazılan loqolar elə qeyri-professional yerləşdirilir ki, şəkil tanınmaz olur. Bunun isə obyektiv və subyektiv səbəbləri var.

Əslində beynəlxalq təcrübə də göstərir ki, hər hansı informasiya agentliyinə, yaxud müstəqil fotomüxbirə məxsus fotoların üzərinə loqo yazılır. Lakin bunun öz qaydası var, bu qaydalardan kənara çıxdıqda fotonun keyfiyyəti aşağı düşür. Yaxşı olar ki, loqo fotonun küncündə, çox da iri olmayan şriftlə qeyd edilsin.

Təbii ki, istinad fotodan istifadə edən mətbuat orqanının etik borcudur. Əgər mətbuat orqanı istinaddan yayınırsa, müəllif hüquqlarını pozursa, məsələ KİV rəhbərləri arasında həll edilməlidir. Fotonu yararsız hala salmaq çıxış yolu deyil”.

APA İnformasiya Agentliyinin fotomüxbiri Ramil Zeynalov bildirir ki, fotonun loqo ilə doldurulması keyfiyyəti aşağı salsa da, Azərbaycan mətbuatının hazırkı vəziyyətində bunu etmək zəruridir: “Qəzetlər, jurnallar, başqa informasiya vasitələri fotolardan istinadsız istifadə edir. Düzdür, bu, yeganə çıxış yolu deyil. Hər halda kütləvi informasiya vasitələrinin rəhbərləri istinad probleminin həlli üzərində düşünməlidir. Hansı fotomüxbir istəyər ki, fotoları yararsız halda təqdim edilsin?”

“Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyevin fikrincə, loqonun fotonun düz ortasında verilməsi informasiya agentliyi rəhbərliyinin reklama uymasıdır: “Azərbaycanda fəaliyyət göstərən bəzi informasiya agentlikləri bu mənfi texnologiyadan istifadə edərək informasiyanın tərkib hissəsi olan fotonu yararsız hala salır. Bir fotonun üzərinə loqonu neçə yerdə qoymaq olar? Bəzən şəkildəki adamın düz alnının ortasına loqo qoyurlar. Mən bu praktikanın qəti əleyhinəyəm.

“Azadinform” heç fotonun küncündən də loqo vermir. Bilirsiniz, kiminsə əməyinə qiymət vermək, istinad etmək hər bir KİV orqanının borcudur. Razıyam, Azərbaycan mətbuatında plagiat, istinad etmədən xəbər, foto oğurluğu kütləviləşib. Amma əgər loqo yazılırsa, bu, fotoya xələl gətirmədən edilməlidir. Oğurlamaq istəyən onsuz da oğurlayacaq. Loqolu fotonu fotoşopla işləyib istifadə etmək mümkündür”.

"Media forum"

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS