
İyulun 29-da Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Türkiyə Xarici Ticarət Müstəşarlığının təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes forumu keçirilmişdir.
Tədbirdə Azərbaycan və Türkiyə tərəfdən dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, ticarət, turizm, qida sənayesi, maliyyə, neft və qaz, tikinti, sənaye və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın iş adamı iştirak etmişdir.
Biznes forumdakı çıxışına Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamı ilə başlayan İqtisadi İnkişaf naziri Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində Azərbaycan iqtisadiyyatının davamlı olaraq inkişaf etdiyini, ölkədə əlverişli biznes və investisiya mühitinin yaradıldığını, ixrac imkanlarının genişləndiyini bildirmişdir. Azərbaycanın qardaş Türkiyə ilə iqtisadi əlaqələrin inkişafına xüsusi önəm verdiyini vurğulayan Ş.Mustafayev türk iş adamlarını ölkəmizdə yaradılmış əlverişli investisiya mühitindən yararlanmağa və Azərbaycanlı həmkarları ilə əlaqələrini daha da genişləndirməyə dəvət etmişdir.
Türkiyə Respublikasının Xarici Ticarət üzrə Dövlət naziri Zəfər Cağlayan Azərbaycana səfərindən məmnunluğunu ifadə etmiş, iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün real imkanların olduğunu, əməkdaşlığın inkişafında biznes forumların, işgüzar görüşlərin əhəmiyyətini vurğulamışdır.
Tədbirdə AZPROMO-nun prezidenti Adil Məmmədov Azərbaycan iqtisadiyyatı, ölkəmizin investisiya imkanları, Azərbaycan və Türkiyə arasındakı iqtisadi-ticarət əlaqələri, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyata keçirilən layihələr, Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi Orxan Novruzov isə Muxtar Respublikanın investisiya imkanları barədə təqdimatlarla çıxış etmişlər.
Biznes forumda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Türkiyənin İxracatçılar Məclisinin direktorunun müavini Bülent Aymen və Azərbaycan-Türkiyə İşgüzar Şurasının rəhbəri Cengiz Gül çıxış edərək iki ölkə sahibkarları arasında əlaqələr barədə məlumat vermiş, işgüzar əməkdaşlığın daha da genişlənməsində özəl bölmənin xüsusi əhəmiyyətini qeyd etmişlər.
Tədbirdə həmçinin, Azərbaycan haqqında film nümayiş olunmuş, yerli şirkətlər tərəfindən Azərbaycanda potensial investisiya layihələrinin təqdimatı keçirilmişdir.
Biznes forum iş adamları arasında işgüzar görüşlərlə davam etmişdir.
AZƏRFOTO
Ana səhifəyə dön