
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Bakı-Şamaxı yolu 12 km ünvanında yerləşən “İSR-duz istehsalı” MMC-də araşdırma aparmışlar. Müəyyən olunmuşdur ki, sexdə yodlaşdırılmış duz istehsalı üçün lazimi şərait olmadığı halda tədarük edilən duz emal olunaraq qablaşdırılır.
Mövcud standartın tələbinə uyğun olaraq yodlaşdırılmış duz istehsalı zamanı duzun nəmliyi, suda həll olmayan qalığın kütlə payı və yodun miqdarı istehsalçı tərəfindən hər 7 saatdan bir təyin olunmalıdır, lakin müəssisənin bu sınaqları aparmaq üçün laboratoriyası mövcud deyil və istehsal olunan duzun sınaqlarının aparılması üçün akkreditasiya olunmuş laboratoriya ilə bağlanmış müqavilə və sınaq protokolları yoxdur.
Məhsul müəyyən emal prosesi keçdikdən sonra kustar üsülla gözəyarı hazırlanmış kalium-yodat (KJ) məhlulu vasitəsilə yodlaşdırılır. Bu da heç bir standartın və normativ sənədin tələblərinə uyğun deyildir.
Normativ sənədin (AZS 280- 2007) tələblərinə görə emal olunmuş duz çoxqatlı kağız içliyə yığıldıqdan sonra, paketlərə qablaşdırılmalı olduğu halda birbaşa hermetik olmayan kağız paketə qablaşdırılır ki, bu da məhsulun hava ilə təmasda olaraq keyfiyyətinin itirilməsinə (yodun uçmasına) səbəb olur. Məhsulun markalanmasında da bir sıra nöqsanlara yol verilmişdir. Belə ki, markalanmada məhsul üçün normativ sənəd deyil, qüvvədən düşmüş normativ sənəd göstərilmişdir. Nazirlər Kabinetinin 154 saylı Qərarının 5.4 bəndinin tələbinə zidd olaraq məhsulun üzərində reklam xarakterli (“Ekoloji təmiz”) məlumat da yerləşdirilmişdir.
Nöqsanlarla əlaqədar olaraq sexdə aşkar olunmuş hər birinin çəkisi 850 qr. olan 6860 ədəd hazır məhsulun satışının qadağan olunması barədə tələbnamə verilmişdir. Müəssisədə məhsul istehsalı dayandırılmışdır.
AZƏRFOTO
Ana səhifəyə dön