Dünən Naxçıvan Muxtar Respublikasının Şərur şəhər Məscidində qanlı qətl hadisəsi baş verib. Rayonun Qarxun kənd sakini, molla Qasım Məmiyev məscidin həyətində Şərur şəhər sakini, məscidin axundu Hacı Əkbəri və onun müavini olan Siyaqut kənd sakini Qəzənfər Quliyevi bıçaqla qətlə yetirib. Bu barədə RATİ-in Naxçıvandakı müxbirlərinə hadisənin şahidləri məlumat verib.
Adının çəkilməsini istəməyən mənbənin dediyinə görə, hadisə münaqişə zəminində baş verib. Axund və onun müavini digər mollalara dini mərasimləri keçirmək üçün vəsiqə təqdim etsələr də, molla Qasım Məmiyevə vəsiqə verilməyib. Ona yas mərasimlərində mollalıq etmək qadağan olunub və mərasimlərdə iştirak etdiyi halda hüquq mühafizə orqanlarına şikayət ediləcəyi bildirilib. Bundan sonra o, böyük bir bıçaqla məscidin həyətinə gələrək axund və onun müavinini bıçaqla vurub. Yaralılar xəstəxanaya çatdırılsalar da 15 dəqiqədən sonra hər ikisi keçinib. Hadisəni törətdikdən sonra Qasım Məmiyev polisə könüllü təslim olub.
Hüquq mühafizə orqanlarının verdiyi məlumata görə faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.
AZƏRFOTO
Ana səhifəyə dön