Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

DAUN SINDROMLU UŞAQLARA QAYĞI GÖSTƏRİLİR
9 sentyabr 2009 | Çap üçün versiya | Dosta yolla |
2002-ci ilin əvvəlində Bakıda Zaqafqaziyada yeganə olan 80 uşaq və yeniyetməni özündə birləşdirən “Daun Sindromlu Şəxslərin Assosiasiyası” yaradılmışdır. Assosiasiyanın əsas məqsədi Daun sindromlu şəxslərin və həmçinin onların ailə üzvlərinin sosial-mədəni reabilitasiyası və cəmiyyətə inteqrasiyasından ibarətdir. Assosiasiyada uzun müddət müxtəlif səbəblər üzündən cəmiyyətimizdən kənar düşmüş uşaq və yeniyetmələr cəmləşib.

Assosiasiya 24 sentyabr 2003-cü ildən Ədliyyə Nazirliyində 1103-Q1-1475 saylı qeydiyyatdan keçərək tam hüquqi əsaslarla fəaliyyət göstərir. Assosiasiya bir qrup valideynin təşəbbüsü ilə yaradılmış və onun bütün işçiləri, həmçinin rəhbəri 6 ildən artıqdır ki, xeyriyyə məqsədilə təmənnasız xidmət göstərirlər.

Çox təəssüflər olsun ki, Bakıda və regionlarda Daun sindromlu uşaqların və həmçinin onların valideynlərinin problemlərinin qeydinə qalanların sayı azdır.

Buna baxmayaraq hal-hazırda Assosiasiyanın nəzdində dünyanın bir çox ölkələrində tanınmış, 2003-cü ildə Vyanada keçirilimiş Beynəlxalq festivalda “Avropada analoqu olmayan teatr” kimi təsdiq edilmiş, artistləri I və II qrup əlil olan uşaq və yeniyetmələr olan “Dəcəllər” teatrı yaradılmışdır.

2007-ci ildə teatrın üzvləri Türkiyənin İstanbul şəhərində keçirilimiş festivala dəvət almış və orada uğurla çıxış etmişlər. 2004 və 2007-ci illərdə teatrın kollektivi Moskva şəhərində “Proteatr” II və III Ümumrusiya Festivallarının iştirakçısı olmuş və nəticədə Ümumrusiya teatrlarının reyestri toplusuna daxil edilmişdir. 2009-cu ilin may ayında 11 nəfər uşaqlarımızdan ibarət olan kollektivimiz Türkiyənin Adana şəhərində keçirilən Beynəlxalq Əlil Gənclər Festivalında uğurla çıxış etmişlər.

Teatrın kollektivi dəfələrlə Dövlət Uşaq Filarmoniyası, M.Maqomayev adına Filarmoniya, Rəşid Behbudov adına Mahnı Teatrı, Aktyorlar Evi, Şəhriyar adına Mədəniyyət Sarayının səhnəsində öz konsertləri ilə uğurla çıxış etmişlər.

Daun sindromlu uşaqların əl işlərinin və rəsm əsərlərinin sərgisi dəfələrlə Dövlət Qalereyalarında, 2007-ci ildə isə Türkiyənin İstanbul şəhərində keçirilmişdir.

Hal-hazırda iki Ali məktəbin tələbələri qarşısında keçiriləcək konsertə, və həmçinin Əlil Şəxslərin Əl İşləri Yaradıcılığının Respublika baxışına hazırlıq işləri görülür.

Bunlarla yanaşı, Daun sindromu ilə doğulmuş uşaqların valideynlərinə kömək məqsədilə Assosiasiyamız tərəfindən hələ 2003-cü ildən hazırlanan 28 səhifəlik kitabçanın 2009-cu ildə nəşri həyata keçirilmişdir. Kitabça doğum və uşaq evlərinə, internatlara pulsuz paylanılmaq üçün nəzərdə tutulub.

Assosiasiyanın nəzdində 2006-cı ildən etibarən “Özümə qəlyanaltı hazırlayıram” aşpazlıq məktəbi fəaliyyət göstərir. Bu dərslər zamanı uşaqlar özlərinə müxtəlif yeməklər hazırlamağı öyrənirlər.

Cəmiyyətimizdə lazımi dərəcədə informasiya olmadığına görə bəzən gənc ailələr Daun sindromlu uşaqlardan imtina etməyə üstünlük verirlər. Məqsədimiz bu ailələrə mənəvi dayaq göstərməkdir. Həmçinin onlara 7-8 yaşına qədər Daun sindromu ilə doğulmuş körpələrlə düzgün davranmağı başa salmaqdır. Bununla bağlı əlavə 30 nəfərə yaxın Daun sindromlu uşaqları cəmiyyətimizə yeni üzv qəbul etməyə hazırlaşırıq. Bu zaman əsas məqsədimiz Daun sindromlu uşaqları olan cavan ailələrə yardım etmək və maarifləndirmək işlərini aparmaqdır.

Daun sindromlu uşaqlar doğulmuş cavan ailələrə yardım etmək məqsədilə Bakıda xüsusiləşdirilmiş koordinasiya Mərkəzinin təşkil etmək üçün Assosiasiyamızın rəhbəri və üzvlərindən biri 2008-ci ilin 15-17 dekabr tarixlərində Moskva şəhərinə səfər etmiş və orada fəaliyyət göstərən “Downside up” təşkilatının rəhbərliyi ilə görüşlər keçirmişdirlər.

Perspektivdə Assosiasiyamızın 2010-cu ildə 1-7 yaş arası (məktəblərə hazırlıq) və 7-10 yaş arası (hərtərəfli inkişaf) Daun sindromlu uşaqlar üçün əlavə iki qrupun açılması, inkişafında məhdudiyyətlər olan şəxslər üçün Moskvanın “Proteatr” Ümumrusiya festivalında, həmçinin idman kollektivlərinin Kipr adasında keçiriləcək beynəlxalq yarışlarda və rəqs kollektivlərinin Türkiyədə keçiriləcək beynəlxalq festivalda iştirakı nəzərdə tutulmuşdur.

Bununla yanaşı, Bakıda və bölgələrdə uşaqların bir çox konsertləri, habelə əl işləri və rəsmlərinin sərgilərinin təşkil olunması planlaşdırılmışdır.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS